Dünən Konfrans Liqasında III təsnifat mərhələsinə yekun vuruldu.

"Zirə" öz meydanında Xorvatiyanın "Osiyek" klubunu qəbul etdi. İlk matçda səfərdə heç-heçə edən "qartallar" bu dəfə doğma meydanda möhtəşəm bir oyun nümayiş etdirərək penaltilər seriyasında qalib gəldi və pley-off mərhələsinə yüksəldi. Bakı təmsilçisi növbəti raundda Kiprin "Omoniya" klubu ilə qarşılaşacaq.

"Zirə"nin qələbəsini şərh etməsi üçün Aslan Kərimova müraciət etdik. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Zirə"nin qələbəsi möhtəşəm idi. Bu oyundan əvvəl bu mərhələni keçmə şanslarını 50/50-ə dəyərləndirmişdim. Müsahibələrdə də bunu qeyd etmişdim. Rəqibin heyətində həm gənc, həm də təcrübəli oyunçular möhtəşəm oyun sərgilədilər. Bu komanda çox yaxşı komplektləşib.

"Zirə" doğma meydanda çoxlu hücumlar etmək məcburiyyətində qaldı. Qol vurmalı idik. "Zirə" nə qədər aqresiv oynasa da, rəqibin iti hücumlarından sonra qapıda qol gördük. Bu, "Osiyek"in güclü oyun nümayiş etdirməsinin göstəricisidir. Qapçının səhvi mübahisəlidir, amma, bu qələbəyə kölgə salmır.

"Zirə" yenik duruma düşdükdən sonra mübarizə apardı və komanda şəklində matçın öhdəsindən gəldilər. Heyətindəki bütün oyunçular maksimum performans göstərdi. Volkovun vurduğu qol möhtəşəm idi. Konfrans Liqasının ən yaxşı qollarından biri ola olacaq. Buna əminəm. Volkovun əvvəlki oyunları ürək açan deyildi, amma "Zirə"də yenidən gücləndi. Rəşad Sadıqov ona nə deyib, necə yola gətirib bilmirəm, amma, möhtəşəm bir performans sərgilədi.

Utziqi də qeyd etmək də lazımdır. O, ağıllı və rəqiblərinə təhlükə yaradan futbolçudur. Ümumilikdə, komanda çox yaxşı oynadı. Təcrübəsi az olan bir kollektiv üçün pley-off mərhələsinə yüksəlmək asan deyil. "Qarabağ" bu cür yerlərə 5-6 ildən sonra gəldi çatdı. "Zirə" isə bunu daha tez bacardı.

Komandanı, məşqçi heyətini və bütün oyunçuları təbrik edirəm. Azarkeşlərə əsl futbol bayramı yaşatdılar. Xüsusən də penaltilər seriyası zamanı. Bu an stress çox yüksək idi. Nəticədə oyunu qələbə ilə bitirdik, azarkeşləri sevindirdik.

Qarşıda pley-off mərhələsi gəlir və indiyə qədər oynadıqları ən çətin rəqibə qarşı oynayacaqlar. Bu, "Omoniya"dır. Heyəti legioenerlərlə komplektləşib və Balkan yarımadasına məxsus oyunçulara sahibdir. Bu futbolçular yüksək səviyyə ilə seçilirlər. "Zirə" bu mövsüm bacardıqlarının ən yuxarısını göstərdi və buna görə həm texniki heyətə, həm də oyunçulara alqışdan başqa birşey düşmür."