"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Tvente" ilə matçdan sonra təşkil edilən mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə futbolçularını təbrik edib və azarkeşlərə dəstəyə görə təşəkkürünü bildirib:
"İlk növbədə futbolçularımı təbrik etmək istəyirəm. Çox yaxşı, düzgün mübarizə apardılar və çox güc sərf etdilər. Biz komanda olaraq artıq üçüncü dəfədir ki, buraya gəlirik və hər dəfə bu stadiondan, buradakı oyun atmosferindən daha çox zövq alırıq. Rəqibin və özümüzün azarkeşlərinə təşəkkür edirəm. Azarkeşlərimiz bir dəqiqə də olsun dayanmadan dəstək oldular."
Qurban Qurbanov qazanılan nəticənin vacibliyini vurğulamaqla yanaşı, cavab matçının çətin keçəcəyini də qeyd edib:
"Çox xoş və vacib bir qələbə oldu, amma bu hələ ilk hissədir. Önümüzdə Bakıda keçiriləcək cavab oyunu var. "Tvente" daha sürətli oynaya bilən və təhlükəli qol epizodları yaradan komandadır. Bakıdakı görüşdə daha diqqətli və intizamlı olmalıyıq ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf biz olaq."


