"Sumqayıt" bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə "Fehervar"la (Macarıstan) qarşılaşacaq. 1 həftə əvvəl eyniadlı şəhərdə baş tutan oyunda təmsilçimiz 1:2 hesabı ilə məğlub olmuşdu. Əslində, adıçəkilən komanda matça yaxşı başlamışdı. Hətta görüşün 20-ci dəqiqəsində Səbuhi Abdullazadənin baxımlı qolla hesabı açması yerli publikanın növbəti mərhələ ümidini daha da artırmışdı. Lakin qarşılaşmanın 32-ci dəqiqəsində Murad Xaçayevin ikinci sarı vərəqəni alaraq meydandan qovulması Samir Abasovun planlarını pozdu. Bundan sonra irəli atılan rəqib hesabda önə keçməyə nail oldu. "Kimyaçılar" sona qədər vuruşsalar da, nəticə dəyişmədi.
Oyundan sonra mətbuat konfransında şansları dəyərləndirən Abasov "Sumqayıt"ın mərhələ keçmək şansının 30 % olduğunu qeyd edib. Düzdür, səfərdə kollektiv üçün çətin olacaq. Fəqət, 1 topluq geriliyi aradan qaldırmaq mümkünsüz deyil. Macarıstanda vurulacaq erkən qol sumqayıtlıların şanslarını daha da artıra bilər. Komandaya hələ də inam var. Ötən "futbol ili"ndə ölkə çempionatında uğurlu nəticə göstərən "Sumqayıt"dan Konfrans Liqasında ən azı bir mərhələ keçmək azarkeşlərin klub qarşısında qoyduğu tələbdir.