II Liqada mövsümün startına hazırlaşan “Xankəndi” futbol klubu bəyənat yayıb.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi ev oyunlarını Xankəndi Şəhər Stadionunda keçirmək istəyir:

“Yeni mövsümdə, AFFA egidası altında Peşəkar Futbol Liqasının (PFL) təşkil etdiyi II Liqada debüt edəcək “Xankəndi” Futbol Klubu ev oyunlarını, müvəqqəti olaraq, “Neftçi” Təlim-Məşq Mərkəzinin 4-cü meydançasında keçirməyi planlaşdırır. Çox incə bir davranış nümunəsi ilə belə bir şəraiti klubumuza yaratdıqlarına görə, "Neftçi" PFK rəhbərliyinə təşəkkür edirik. 

Lakin "Xankəndi" futbol klubu olaraq etiraf edirik ki, biz ev oyunlarımızı Bakıda və Abşeron ərazisində keçirmək istəmirik. Biz bunu doğru hesab etmirik. 

Artıq aylar əvvəl yaradılmış Fan Klubumuzun olduğu Xankəndi şəhərində yaxın zamanda tam hazır vəziyyətə gətiriləcək şəhər stadionu mövcud olduğu halda, komandanın rəqiblərini Bakıda və Abşeronda qəbul etməsi birmənalı deyil. Ümumiyyətlə isə, həyatın yenidən canlanmağa başladığı Xankəndi şəhərini futbolsuz təsəvvür etmək mümkün deyil. 

Onsuz da ölkəmizdə peşəkar liqa oyunları üçün stadion və meydança çatışmazlığı kifayət qədər ciddi problemdir. İnanmaq istəyirik ki, aidiyyəti dövlət qurumları bu reallığı nəzərə alaraq, Xankəndi Şəhər Stadionunda əsaslı təmir və bərpa işləri başa çatan kimi, klubumuza öz ev oyunlarını məhz orada keçirməyə imkan yaradacaqlar. 

Eyni zamanda, futbolu çox sevən hörmətli Gənclər və İdman naziri Fərid Qayıbov cənablarına, həmçinin AFFA prezidenti hörmətli Rövşən Nəcəf müəllimə, ev oyunlarımızı Xankəndi Şəhər Stadionunda qəbul etməklə əlaqədar rəsmi məktubla müraciət ünvanlamışıq və ümid edirik ki, bu məsələyə müsbət yanaşılacaq”.

Qeyd edək ki, “Xankəndi” ötən mövsüm AFFA Region Liqasının qalibi olub.