Futbol üzrə Azərbaycan çemponatında II Liqanın XIV turu çərçivəsində bir oyun baş tutmayıb.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "Şahdağ Qusar" və "Kür-Araz" arasında keçirilməsi nəzərdə tutulan matç ləğv edilib.
Buna səbəb "Kür-Araz" komandasının vaxtında stadiona gəlməməsi olub.
Oyunun bu gün saat 14-də Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda start götürməsi planlaşdırılırdı. Lakin nəzərdə tutulan vaxtda "Şahdağ Qusar"ın futbolçuları, hakimlər, rəsmi şəxslər stadionda olsalar da, "Kür-Araz"dan heç kim gözə dəyməyib.
İmişli təmsilçisini bu addımına görə texniki məğlubiyyət gözləyir. Yekun qərarı FFA-nın İntizam Komitəsi verəcək.