Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qəbələ - İdman Paytaxtı 2025”in açılış mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan tədbir müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradı ilə başlayıb.

Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova Qəbələnin bu şərəfli işi layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova qeyd edib ki, əsas məqsəd Qubanın təcrübəsindən istifadə etməklə əhali arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. 

Gənclər və idman naziri Fərid Qayıbov Qəbələdən olan idmançıların çoxluq təşkil etdiyini, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edəcəklərinə inandığını deyib. O, “İdman paytaxtı” çərçivəsində il ərzində Qəbələ şəhərində bir çox yarış və tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. 

Rəsmi çıxışlardan sonra F.Qayıbov idman paytaxtının rəmzi açarını Ətayə Osmanova təhvil verib. Daha sonra “Qəbələ - İdman Paytaxtı 2025”in maskotu “Marşal” ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Qəbələ şəhəri 2023-cü il dekabrın 7-də Gənclər və İdman Nazirliyi Kollegiya iclasında keçirilmiş səsvermə nəticəsində 2025-ci il üçün Azərbaycanın “İdman paytaxtı” seçilib.