Pekində keçirilən "ATP-500" seriyalı Çin Open turnirində gözlənilməz hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, serbiyalı ulduz Novak Cokoviç rusiyalı Daniil Medvedevin diskvalifikasiya olunmasından sonra turnirin finalına vəsiqə qazanıb.
Cokoviçin 7:5, 5:3 hesabı ilə öndə olduğu qarşılaşmanın gedişində hesab 15:15 olarkən Medvedev tribunaya top vurub və azarkeşə xəsarət yetirib. Məhz bu hərəkətinə görə rusiyalı tennisçi dərhal matçdan kənarlaşdırılıb.
39 yaşlı Cokoviç karyerasında 146-cı dəfə ATP turnirinin finalına yüksəlməklə İvan Lendlin nəticəsini təkrarlayıb və Açıq Era dövründə kişilər arasında 3-cü pilləyə şərik olub. Bu göstəricidə 2-ci yeri Rocer Federer (157), 1-ci yeri isə Cimmi Konnors (164) tutur.
Pekin turnirinin 6 qat çempionu (2009, 2010, 2012, 2013–2015) olan serbiyalı ulduz bu yarışda ilk məğlubiyyətə qədər olan rekord qələbə seriyasını da uzadıb. İndi onun Pekindəki balansı 33:0-dır.
Bundan əlavə, Cokoviç cari mövsümdə 5-ci dəfə "top-10" təmsilçisinə qalib gəlib (2026-cı ildəki göstəricisi: 5 qələbə, 2 məğlubiyyət).
Təcrübəli idmançı karyerasının 102-ci titulunu qazanmaq üçün finalda avstraliyalı Aleks de Minaur ilə üz-üzə gələcək.


