Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu adını qazanıb.

Offsideplus.az xəbər verir ki, Ekvadorun Quayakil şəhərində start götürən dünya çempionatının ilk günündə -50 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.

Fərid Rzazadə həlledici qarşılaşmaya qədər Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) sıradan çıxarıb. Finalda isə digər Qazaxıstan təmsilçisi Adiljan Nurbekeyə qalib gələn cüdoçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu zəfərlə o, Azərbaycan cüdo tarixində yeniyetmələr arasında 5-ci dünya çempionu kimi adını tarixə yazdırıb.

Əlavə edək ki, bu gün daha üç yeniyetmə cüdoçumuz mübarizəyə qoşularaq tatamiyə üz tutacaq.