Azərbaycan Alpinizm Federasiyasının üzvləri Fidan Məmmədova və Sima Səfərova İtaliyanın şimalında yerləşən Dolomit dağlarında növbəti uğurlu dağçılıq fəaliyyətini həyata keçiriblər.
Offsideplus.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılar iyunun 18-19-da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Dolomit dağlarında yerləşən Tre Çime di Lavaredo massivinin 2744 metr hündürlüyündəki Monte Paterno zirvəsinə uğurla qalxıblar.
Federasiya üzvləri zirvəyə Dolomitlərin ən məşhur və texniki baxımdan maraqlı marşrutlarından hesab olunan De Luca–Innerkofler Via Ferrata xətti üzrə çatıb. Qayalıq keçidləri, ekspozisiyalı hissələri və Birinci Dünya müharibəsi dövründən qalmış tarixi tunelləri ilə seçilən marşrut yüksək hazırlıq və diqqət tələb edir. Via Ferrata xüsusi sığorta trosları, metal pilləkənlər və dayaqlarla təchiz olunmuş qayalıq dağ marşrutlarına verilən addır.


