Bakıda tanınmış fitnes məşqçisi Anar Mirbabayev barəsində məhkəmə hökmü oxunub.
Offsideplus.az xəbər verir ki, külli miqdarda narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən 44 yaşlı idmançıya 3 il həbs cəzası kəsilib.
Məhkəmə onun cəzasının icrası ilə bağlı maraqlı qərar verib. Belə ki, idmançının himayəsində iki azyaşlı övladının olması və həyat yoldaşının onları tərk etməsi nəzərə alınaraq, cəza övladlarının 14 yaşı tamam olana qədər təxirə salınıb. Nəticədə, A.Mirbabayev məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, paytaxtdakı idman zallarından birinə rəhbərlik edən məşqçi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılmışdı. Axtarış zamanı həmin idman zalından külli miqdarda metamfetamin ("patı") aşkar olunaraq götürülmüşdü.
Onun müştəriləri arasında bir çox tanınmış simalar və rütbəli şəxslər olub.
(qafqazinfo.az)


