İyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night Baku tədbirində Şarabutdin Maqomedov ilə üz-üzə gələcək Mişel Pereyra jurnalistlərin önünə çıxıb. 

Offsideplus.az xəbər verir ki, o, döyüşə hazır olduğunu bildirib: 

"Mən çoxlu məşq etmişəm. Diqqətliyəm. fokuslanmışam. Özümün özəl üslubum var".

Braziliyalı döyüşçü rusiyalı rəqibini niyə sevmədiyini açıqlayıb: 

"Mən onu izləmirəm. Özümü ona görə yönləndirmirəm. Onunla dost olmağa çalışmıram və səmimi desəm, əlaqə qurmaq istədiyim biri deyil. Əsas məsələ budur ki, mən onunla dost olmaq istəmirəm. Ondan xoşum gəlmir.

Vaxtilə elə bir söz dedi ki, mən bunu şəxsi qəbul etdim. Braziliyada böyük daşqın olmuşdu, çox böyük və dəhşətli bir fəlakət idi. Mən də insanlara kömək etməyə çalışırdım, yardım fondlarına dəstək olurdum. Adətən vaxtımı insanlara yardım etməyə sərf edirəm. Amma o, heç bir səbəb olmadan mənim insanlara kömək etməyim barədə mənfi fikirlər bildirdi, bunu tənqid etmək üçün fürsətə çevirdi. Ona görə də həqiqətən onu sevmirəm. Mənə yaxşı insan təsiri bağışlamır. Buna heç bir marağım yoxdur. Əksinə, bu məni daha da motivasiya edir ki, gedib onu məğlub edim”.

"Ətrafdan bir az yemək iyi gəlir, özün də pəhrizdəsən. Bu sənə necə təsir edir?" sualına Mişel belə cavab verib: 

“Xeyr, əslində bunun mənə heç bir təsiri yoxdur. Çox yaxşı qidalanıram, çəkim də əladır, döyüş üçün hər şey qaydasındadır. Yəni bu, mənə heç bir şəkildə təsir etmir. Hətta bundan sonra gedib gözəl bir ribay steyki yeyəcəyəm, ona görə hər şey yaxşıdır”. 

M.Pereyra rəqibə Dağıstandan gələcək dəstək barədə bu sözləri deyib:

"Onun bu zonada azarkeşləri var. Mənim isə bütün dünyada".