Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatında həlledici mərhələyə qədəm qoyulub.
Offsideplus.az xəbər verir ki, yarışın X turu Azərbaycan şahmatçıları üçün olduqca uğurlu keçib.
Liderlərin duelində Nicat Abasov ispaniyalı David Gixarru ilə xalları yarı bölüb. Digər təmsilçilərimiz isə günü qələbə ilə tamamlayıblar: Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini, son ölkə çempionu Məhəmməd Muradlı isə ağlarla latviyalı Nikita Meşkovsu məğlub edib.
Hazırda turnir cədvəlinin ilk beşliyində üç şahmatçımız yer alıb. 8 xala malik N.Abasov və A.Süleymanlı şərikli liderdirlər. Eyni xalı olan M.Muradlı isə əlavə göstəricilərə görə 5-ci yerdə qərarlaşıb.
Bu gün baş tutacaq sonuncu turda püşk şahmatçılarımızı üz-üzə gətirib: Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı oynayacaq. Nicat Abasov isə rumıniyalı Daniel Boqdanla qarşılaşacaq.


