Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci qarşılaşmaları tamamlanıb.

Offsideplus.az xəbər verir ki, turnirin əsas favoriti hesab olunan Şəhriyar Məmmədyarov Əhməd Əhmədzadə ilə cavab görüşündə heç-heçəyə razılaşıb. İki oyunun cəmində rəqibini 1,5-0,5 hesabı ilə üstələyən Məmmədyarov yarımfinal mərhələsinə adlayıb.

Qadın şahmatçıların mübarizəsində Ülviyyə Fətəliyeva hər iki partiyada Səbinə İbrahimovadan üstün olaraq (2-0) yarımfinal vəsiqəsini təmin edib. Turnirin sürpriz nəticəsi isə ötənilki çempion Günay Məmmədzadənin hər iki oyunda Ayan Allahverdiyevaya məğlub olaraq yarışı erkən tərk etməsi olub.

Kişilərin yarışında Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı və Nicat Abasov-Aydın Süleymanlı cütlüklərində qalib müəyyənləşməyib. Eyni vəziyyət qadınlarda Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-Xanım Balacayeva duellərində də müşahidə olunub. Bu cütlüklər arasında növbəti mərhələyə yüksələcək tərəflərə sabahkı tay-brekdə aydınlıq gələcək.

Beləliklə, Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva artıq yarımfinaldakı yerlərini rəsmiləşdiriblər.