Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk görüşlərinə start verilib.

Offsideplus.az xəbər verir ki, kişilərin mübarizəsində yarışın əsas favoriti sayılan Şəhriyar Məmmədyarov ilk partiyada qara fiqurlarla Əhməd Əhmədzadəni məğlub edərək üstünlük qazanıb. Digər üç qarşılaşmada isə qalib müəyyənləşməyib:

Rauf Məmmədov – Read Səmədov (heç-heçə)

Məhəmməd Muradlı – Eltac Səfərli (heç-heçə)

Aydın Süleymanlı – Nicat Abasov (heç-heçə)

Qadın şahmatçıların yarışında daha məhsuldar nəticələr qeydə alınıb. Ülviyyə Fətəliyeva qara, Türkan Məmmədyarova isə ağ fiqurlarla rəqiblərini (müvafiq olaraq Səbinə İbrahimova və Nərmin Abdinova) üstələməyi bacarıblar. Ayan Allahverdiyeva isə Günay Məmmədzadəyə qarşı oyunda qələbə sevinci yaşayıb. Yalnız Xanım Balacayeva ilə Gülnar Məmmədovanın dueli sülhlə başa çatıb.

Bu gün şahmatçılar 1/4 finalın cavab görüşləri üçün yenidən lövhə arxasına keçəcəklər.

Fevralın 22-də başa çatacaq çempionatın toplam mükafat fondu 92 min manatdır. Bu vəsaitin 62 mini kişilərin, 30 min manatı isə qadınların mükafatlandırılması üçün nəzərdə tutulub.