Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlərin yarış proqramında separatçı məzmunlu “Arsax” musiqisindən istifadə etməsinə görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi etiraz ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə MOK-un mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir ki, "Arsax" ifadəsi Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı siyasətin ideoloji mahiyyətini əks etdirir və bu addım Olimpiya Oyunlarının siyasətdən kənar qalma prinsipinə, həmçinin Olimpiya Xartiyasının əsaslarına tamamilə ziddir. MOK idman platformasından siyasi məqsədlər üçün istifadənin yolverilməz olduğunu, bu cür halların həm Olimpiya hərəkatının neytrallıq prinsipinə, həm də regionda sülh və qarşılıqlı etimad mühitinə ciddi zərər vurduğunu BOK rəsmilərinin diqqətinə çatdırıb.
Qeyd edək ki, Nikita Raxmanin – Karina Akopova cütlüyü yarış proqramında siyasi və separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə edib.



