Avropa çempionatının final mərhələsinə təyinat alan ilk azərbaycanlı hakim kimi tarixə düşən FİFA referisi Hikmət Qafarlı qitə birinciliyindən qayıtdıqdan sonra turnirlə bağlı təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, karyerasının ən həyəcanlı dövrünü yaşadığını bildirən referi, qitənin ən nüfuzlu futzal yarışında Azərbaycan hakimlik məktəbini təmsil etməkdən şərəf duyduğunu vurğulayıb.
H. Qafarlı turnir çərçivəsində üç müxtəlif qarşılaşmada iş başında olub. O, ilk təyinatını Ermənistan – Ukrayna matçına (taymkiper kimi) aldığını, daha sonra isə baş hakim qismində Ukrayna – Litva görüşünü idarə etdiyini bildirib. Referi qeyd edib ki, meydan sahiblərinin iştirak etdiyi həmin gərgin oyunda idarəçiliyi hakim-inspektor tərəfindən yüksək balla qiymətləndirilib. Həmçinin, o, Gürcüstan – Fransa matçında üçüncü hakim funksiyasını yerinə yetirərək çətin texniki zona nəzarətinin öhdəsindən uğurla gəldiyini diqqətə çatdırıb.
O, Ermənistanın oyunu ilə bağlı bunları söyləyib:
"Həyəcan hər zaman olur. Sadəcə, budəfəki həyəcan iştirakçı komandalardan hansısa birinin adı ilə bağlı deyildi. Biz təyinat alan zaman sırf oyun qaydalarını əsas götürür, hakim kimi işimizi görürük. Həyəcan məsuliyyətdən irəli gəlirdi. Amma oyunun start fitindən sonra artıq həyəcan yerini oyunun atmosferinə buraxır".
Təcrübəli hakim turnirdəki yeniliklərdən də söz açıb. O, ilk dəfə tətbiq olunan videodəstək sisteminin (VS) iş prinsipi ilə yaxından tanış olduğunu və hətta Ukrayna – Litva oyununda bu sistemdən praktiki olaraq istifadə etdiyini qeyd edib. Pley-off mərhələsinə təyinat almamasına da aydınlıq gətirən Qafarlı, UEFA-nın həlledici oyunlarda adətən 3-cü dəfə final mərhələsinə qatılan daha təcrübəli referilərə üstünlük verdiyini, gənc hakimlərin isə qrup mərhələsindən sonra vətənə göndərildiyini bildirib.


