"Bu gün komandamız bütün oyunu hücumda keçirtdi. Ancaq MOİK futbol oynamadı. Rəqibin futbolçuları hər 3 dəqiqədən bir özlərini yerə atırdılar. Belə etmək olmaz".
Offsideplus.az xəbər verir ki, bu sözləri I Liqanın çempionu "Qəbələ"nin baş məçqçisi Kaxaber Sxadadze deyib.
Gürcü çalışdırıcı bu gün I Liqanın XXIII turu çərçivəsində MOİK üzərində 1:0 hesablı qələbəni şərh edib.
"Qəbələ" öz oyununu nümayiş etdirdi, xeyli qol vəziyyəti yaratdı. 90 dəqiqə həmlələr qurduq, tempimiz aşağı düşmədi. Son saniyələrdə olsa belə qol vurduq. Çünki dünyada Allah var. Mən başa düşə bilmirəm ki, niyə futbolçulara futbol oynamağı yox, özünü yerə atmağı öyrədirlər? Bu üsulla futbolu necə inkişaf etdimək olar? Yıxılmaq, yerdə uzanmaq yox, futbol oynamaq lazımdır. Bu anti-futboldur. MOİK-in üzvləri hətta birinci hissədə yerə yıxılıb vaxt aparırdılar. "Qəbələ" isə bütün çempionat ərzində gözəl futbol göstərdi. Hamıdan çox qol vurdu, hamıdan az top buraxdı və layiqli çempion oldu".
Qeyd edək ki, "Qəbələ" bu gün çempionatın sonuna 4 tur qalmış qızıl medalları təmin edib.