Futbol üzrə I Liqada mübarizə aparan “Difai” klubu AFFA Apellyasiya Arbitraj Tribunalına şikayət edib.
Offsideplus.az xəbər verir ki, aprelin 8-də AFFA İntizam Komitəsi 3 müxtəlif səbəbə görə adıçəkilən klubu 300 manat cərimələyib.
"Difai" I Liqanın XX turunda “Karvan”la matç zamanı inzibatçı Murad Şirinovun hakimin qərarına etirazına görə 150, Əsasnaməsinin tələblərinin pozulmasına görə 50, oyun günü planının pozulmasına görə isə 100 manat cəriməyə məruz qalmışdı.
Apellyasiya Arbitraj Tribunalı "Difai"nin İntizam Komitəsindən şikayətini qismən təmin edib. Nəticədə Əsasnaməsinin tələblərinin pozulmasına və oyun günü planının pozulmasına görə tətbiq olunan cərimələr ləğv edilib. İnzibatçının ucbatından kəsilən cərimə isə qüvvədə qalıb.
Qərara alınıb ki, düzgün hüquqi qiymət verilməsi üçün iş yenidən baxılmasından ötrü İntizam Komitəsinə qaytarılsın.
"Difai" inzibatçının cəzasını ləğv etmədiyinə görə Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.