Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Birinci Liqanın 5-ci turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul edilib.
Offsideplus.az-ın məlumatına görə, son turun qarşılaşmalarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib.
"Qaradağ Lökbatan" - "Mingəçevir" matçında "Mingəçevir" komandası beş futbolçusunun sarı vərəqə alması səbəbindən 70 manat cərimə olunub.
"Karvan" - "İmişli" oyununda Əsasnamənin tələblərinin pozulması səbəbindən Yevlax klubu 100 manat cərimə edilib. "Karvan" azarkeşlərinin rəqib futbolçuları təhqir etməsi, bu halın cari mövsümdə ilk dəfə baş verməsi səbəbi ilə Yevlax klubuna xəbərdarlıq edilib. Oyun zamanı meydançaya kənar şəxslərin daxil olması səbəbindən "Karvan" klubu 80 manat cərimə edilib. Eyni zamanda, "Karvan" azarkeşləri tərəfindən meydançaya kənar əşyaların atılması nəticəsində Yevlax klubu 80 manat daha ödəməli olacaq. Oyunun 90-cı dəqiqəsində "Karvan" azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün Yevlax klubu 150 manat cərimələnib. Oyunun 90+1-ci dəqiqəsində "İmişli"nin futbolçusu İdris İnqilablı azarkeşlərə kənar əşya atdığı üçün birbaşa qırmızı vərəqə alaraq 2 oyun cəzalanıb, buna görə də "İmişli" klubu 200 manat cərimə edilib. "İmişli"nin digər futbolçusu Bahadur Həziyev də azarkeşlərə kənar əşya atdığı üçün 2 oyun cəzalanıb, bununla əlaqədar klub daha 200 manat cərimə ödəyəcək.
"Cəbrayıl" - MOİK oyununda "Cəbrayıl" klubunun beş futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində "Cəbrayıl" futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alaraq 1 oyun cəzalanıb. Bu səbəbdən "Cəbrayıl" 50 manat cərimə ödəyəcək. Eyni zamanda, oyunun 80-ci dəqiqəsində MOİK futbolçusu Nihad Tamazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, nəticədə MOİK də 50 manat cərimə edilib.
"Zaqatala" - "Baku Sporting" matçında "Baku Sporting" komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyi üçün 100 manat cərimə olunub.