"Oyun gərgin mübarizə şəraitində keçdi. Hər iki komandanın da qələbə qazanmaq şansı var idi. İlk hissədə 100%-lik qol imkanımız oldu. Təəssüf ki, dəyərləndirə bilmədik. Ancaq, qapımıza iki dəfə penalti təyin olundu. Oyunda deyil də hesabda uduzduğumuzu düşünürəm".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qaradağ Lökbatan"ın baş məşqçisi Azər Həşimov I Liqanın açılış oyununda "Karvan"a minimal hesablı məğlubiyyətlərini şərh edərkən bildirdi.
Mütəxəssis qapılarına təyin olunan 11 metrlik cərimə zərbələrindən narazı olduğunu vurğuladı:
"Təyin olunan penaltilərdən narazıyam. Epizodlara yenidən baxacağıq. Məşqçi kimi deyil, kənardan izləyən bir şəxs olaraq da oyuna baxsaydım hakimin qərarının yanlış olduğunu düşünərdim. Bir var bilərəkdən səhv etmək, bir də var bilməyərəkdən səhvə yol vermək. Bilərəkdən edilən səhvi bağışlamırlar".
Çalışdırıcı komandasının ikinci yarıda daha yaxşı oynamasını belə izah etdi:
"Biz məşqlərimizi süni ot örtüyündə keçiririk. Bu səbəbdən də təbii ota çıxanda bəzi çətinliklər yaranır. Meydana uyğunlaşmaq kimi problemlər baş verir. İlk hissədə oyunçular bir-birinə rahat pas verib, oyun qura bilmirdilər. Amma, ikinci 45 dəqiqədə bunun öhdəsindən gəlməyi hardasa bacardılar".
A.Həşimov qarşıdakı oyunlarda uğurlu nəticə qazanacaqlarını qeyd etdi:
"Təlim-məşq toplanışı keçmək imkanımız olmayıb. Məşqlərə tez başladıq. Düşünürəm ki, çempionatın 3-4 oyunundan sonra komanda kompakt şəkildə formalaşacaq. Öz oyunumuzu oynayacaq və nəticələrimizi də qazanacağıq".