“Cəbrayıl”ın baş məşqçisi Elhad Nəzirinin Offsideplus.az-a müsahibəsi…

- "Cəbrayıl"a təyinatınızla bağlı nə deyə bilərsiniz?

- Artıq 3-cü il olacaq ki, klubun məşqçisiyəm. Cavid müəllimə təklif gəldi və bunu dəyərləndirdi. Klubun direktoru Şahin bəy və Cavid müəllim baş məşqçi kimi qalmağımı istədilər. Təklifi qəbul etdim. Artıq klub mənə doğmadı. “Cəbrayıl” yaranandan burada olmuşam. Bura mənə çox doğmadır. Bu səbəbdən də təklifi qəbul etdim. Nə qədər məsuliyyətli və çətin bir yol olacağını bilirəm. Mənə doğma olan bu klubun maddi problemi olsa da, əlimdən gələn nə varsa, edəcəm. "Cəbrayıl" adına layiqli bir komanda formalaşdıracağıq. Mənim üçün böyük təcrübə olacaq. Çempionat çətin keçəcək. Yəqin ki, əziyyətimiz yerdə qalmaz. Komandamda olan futbolçularımın hamısına sonsuza qədər güvənirəm. Onlara inanıram. Mənim üçün ən önəmlisi də budur.

- “Cəbrayıl” təlim-məşq toplanışı keçirəcək? 

- Açığı, toplanışın olmasını istəyirdim. Lakin maddi vəziyyətimiz buna imkan vermir. Bu ayın 15-i məşqlərə start verəcəyik. Alınsa, gündə 2 dəfə hazırlıq keçəcəyik. Düzdür, təlim-məşq toplanışındaki effekti tam almasaq da, komandanın yaxşı vəziyyətə gətirilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik.

- “Cəbrayıl”ın növbəti mövsüm üçün hədəfi nə olacaq?

- Rəhbərliklə danışığım olub. Klub strategiyası gənc futbolçulardan ibarət bir komanda formalaşdırmaqdır. 4-5 futbolçu ilə artıq danışığım olub. Keçən ilki heyətdən də demək olar ki, hamını saxlamışıq. Məqsədimiz gənc futbolçuların təcrübə qazanması və inkişafı üçün bir kollektiv formalaşdırmaqdır. Çempionatda qalmaq üçün oynayacağıq. Çünki yeni komandayıq və gənclərdən ibarət kollektivik. Bu, o demək deyil ki, biz yerimizdə sayacayıq. Xeyr! İnşallah, ən yaxşı "Cəbrayıl"ı görəcəksiniz.

- Elvin Məmmədov karyerasını bitirdi. Bəs, Ruslan Əmircanov “Cəbrayıl”a I Liqada kömək edəcək?

- Ruslanla danışmışam. O peşəkar məşqçi olduğu üçün I Liqada oynaya bilmir. Belə imkan olsaydı, əlbətdəki Ruslan kimi təcrübəli futbolçunun komandamda olmasını istəyərdim. Məşqçilik karyerasında Ruslana uğurlar arzu edirəm.