"Həyat yoldaşımın "Neftçi"yə keçmək istədiyini eşidəndə bir həftə ağladım. Çünki mənim bütün həyatım Odessaya bağlı idi. Məktəbdə müəllimə işləyirdim, rəfiqələrim, ailəm, dolğun gündəlik həyat... Bunlardan imtina etmək çətin idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi" klubunun ukraynalı futbolçusu Andrey Ştoqrinin həyat yoldaşı Mariya Ştoqrina deyib.
O, Ukraynanın YeSport nəşrinə müsahibəsində ötən ilin yayında Bakıya köçməsindən danışıb: "Bakı çox gözəldir. Bura köçməmişdən qabaq mən şəhərin belə olacağını ağlıma gətirmirdim. Elə bilirdim ki, hansısa kəndə gedəcəyəm. İndi Bakının necə gözəl olması barədə danışanda heç kim mənə inanmır. Biz yaşadığımız rayon Odessada qaldığımız yeri xatırladır. Bu, həqiqətən adaptasiya prosesinə yardım edir".
Mariya Ştoqrina mətbəxlə bağlı çətinlik yaşadıqlarını söyləyib: "Demək olar, biz həmişə evdə yeyirik. Azərbaycanda xüsusi hazırlanmış təamlarına heç cür öyrəşə bilmədim. Mən Bakıda yaxşı yaşayıram, amma hər zaman evə qayıtmağa hazıram".
Qeyd edək ki, Andrey Ştoqrin bir il öncə Ukrayna "Çernomorets"indən "Neftçi"yə transfer olunub. 2024/2025 mövsümündə "ağ-qaralar"ın heyətində 29 oyun keçirən 26 yaşlı hücumçu 3 qol vurub, 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilədək nəzərdə tutulub.