Ötən gecə "Qızıl Top"u qazanan İspaniya millisi və "Mançester Siti" klubunun üzvü Rodriyə kimlərin səs verdiyi 9 noyabrda rəsmən açıqlanacaq.
Offsideplus.az xəbər verir ki, 100 ölkədən jurnalistlərin səsverməsinə görə Rodri qalib elan olunub, Vinisius Junior ikinci, Cud Bellinqem isə üçüncü olub. Təqdimetmə mərasimindən 12 gün sonra səslərin açıqlanması qərarı səslərin dəyişdirilməsi iddiasını gücləndirib.
Belə ki, ötən il 30 oktyabrda verilən "Qızıl Top" mükafatına (qalib Leo Messi idi) səsvermənin nəticələri 5 gün sonra — 4 noyabrda açıqlanmışdı. Bu il rəsmi elanın 12 gün çəkməsi Vinisius Juniorun mükafata layiq olduğunu düşünənlər tərəfindən şübhələri çoxaldıb.
Bunun səbəbi isə bu il UEFA-nın "France Football" nəşri ilə birlikdə mükafatı təqdim etməsidir. "Real Madrid" klubuna yaxın mənbələr iddia edir ki, klub UEFA ilə münasibətlərin pozulmasına və Avropa Super Liqası layihəsini davam etdirmələrinə görə, mükafat Vinisius Juniorun əlindən alınıb və səslər dəyişdirilib.