2003-cü ilin oktyabrın 11-də açılışında o vaxt baş nazir, hazırda ölkə başçısı olan İlham Əliyevin də iştirak etdiyi Quba Olimpiya Kompleksi sökülür.
Offsideplus.az “Futbol+”ə istinadla xəbər verir ki, şimal bölgəsinin ən böyük idman qurğusu sabiq nəqliyyat naziri Ziya Məmmədovla keçmişdəki yaxın dostu Hafiz Məmmədovun ədavətinin “qurbanına” çevrilib. Belə ki, Gənclər və İdman nazirliyinin balansından olmayan kompleks vaxtilə məmmədovların dövlətdən qazandığı pullarının hesabına tikilib. Səhmlərin 65 faizi keçmiş nazirin rəhbəri olduğu o vaxtkı “ZQAN Holdinq”ə (indiki “Qarant Holdinq”) məxsus olub, yerdə qalan 35 faizi isə Hafiz Məmmədovun “Bağlan Qrup”una.
Son illlər məmmədovların müflis olması, belədə müxtəlif banklara külli miqdarda borcların yaranması Quba Olimpiya Kompleksindən də yan keçməyib. Lap dəqiq desək, sabiq nazirin şirkətinin balansında olan idman qurğusuna nəzarət Mərkəzi Bankın əlinə keçib.
2019-cu ildə Mərkəzi Bankın nüməyəndələri kompleksə təşrif buyurub və işçilərə Ziya Məmmədovun borclarına görə qurğunun girov götürüldüyü bildirilib. Daha sonra fasilələrlə Quba Olimpiya Kompleksində söküntü işlərinə start verilib.
Hadisələrin bundan sonrakı axarının nələrə yol açacağını zaman göstərəcək. Bilinən və görünən odur ki, vaxtilə dövlətin (sənin-mənim) milyonları hesabına tikilən Biləcəridəki “Bakı”nın təlim-məşq bazası kimi, Quba Olimpiya Kompleksi də “canını tapşırmağa” hazırlaşır. Ölkədəki idman qurğuları göz görə-görə məhv olur.
Bilmək olmaz, bəlkə də vaxtilə Yasamal rayonundakı şahmat məktəbinin yerində “Bank Respublika”nın filialını açan Mərkəzi Bankın sədri Elman Rüstəmov başqa bir bankın rayon filialını Quba Olimpiya Kompleksinin yerində açmaq istəyindədir.
Mövzuya qayıdacağıq...