Jurnalist Seymur Kazımov "Facebook" səhifəsində şəhid olan general-mayor Polad Həşimov haqda xatirələrini bölüşüb.

Offsideplus.az xəbər verir ki, bir müddətdir sosial şəbəkədə olmayan jurnalist hərbi xidmətdə komandiri olan Polad Həşimov haqqında ürək sözlərini yazaraq xidməti xasiyyətnaməsini paylaşıb:
Sözügedən statusu və xidməti xasiyyətnamənin fotosunu təqdim edirik:
"General-mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı.
Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam- bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.
2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın.
2018-ci ildə Talışdakı “Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!".
 
 Qeyd edək ki, general-mayor Polad Həşimov ötən gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.