İranlı güləşçi Əmirreza Məsumi güləş üzrə Azərbaycan milli komandasına keçid edib. 

Offsideplus.az xəbər verir ki, 125 kq çəki dərəcəsi üzrə çıxış edən 21 yaşlı sərbəst güləşçi sosial şəbəkə səhifəsində paylaşım edərək, İran yığması və azarkeşləri ilə sağollaşıb:

"Əziz azarkeşlər! Mən 21 yaşıma qədər İran yığmasının heyətində yer almışam. Doğulub boya-başa çatdığım ölkənin bayrağını qürurla daşımışam. Bu müddət ərzində U17, U20 və U23 dünya çempionatlarında, Asiya çempionatlarında qızıl medal qazanmışam. Bu uğurlarda böyük pay sahibi olan bütün məşqçilərə, mənə azarkeşlik edən hər kəsə öz təşəkkürümü bildirirəm. Bu gündən artıq karyeramda yeni səhifə açılır. Artıq Azərbaycan milli komandasının üzvüyəm və bundan sonra Azərbaycan komandasının tərkibində çıxış edəcəm".

O, bundan əlavə, barəsində yayılan xəbərlərə münasibət bildirib. Belə ki, yerli mətbuatda Əmirreza Məsuminin yüksək məvacib qarşılığında Azərbaycan millisinə keçməsi barədə xəbərləri həqiqəti əks etdirmir:

"Təəssüf ki, sosial şəbəkələrdə mənim keçidimin əsas səbəbi kimi yüksək məbləğdə əmək haqqı almağım göstərilir. Lakin bu məlumatlar həqiqətə uyğun deyil. Düzdür, mənimlə müxtəlif ölkələrdən maraqlanırdılar və yüksək məbləğlər təklif edirdilər. Lakin Azərbaycanda idmana olan yanaşma, burada əfsanəvi güləşçi dostlarımızın olması, ilk gündən xoş və mehriban münasibət qərarımda əsas həlledici rolu oynadı. Düşünürəm ki, Azərbaycanda olan şərait, idmana göstərilən diqqət karyeramda daha böyük uğurlar qazanmağa imkan verəcək. Azərbaycan da artıq vətənimdir. Mənə böyük etimad göstərən Azərbaycan Güləş Federasiyasına və məni çox isti qarşılayan Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Bu etimadı doğrultmaq üçün bütün gücümü sərf edəcəm".

Qeyd edək ki, daha öncə Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev "Report"a müsahibəsində Ə.Məsuminin milliləşdirməsinin detalları barədə bu açıqlamanı vermişdi: 

"Azərbaycan dilini öyrənən Əmirreza özünü ölkəmizdə rahat və xoşbəxt hiss edir, milli formanı geyinməyi öz idman gələcəyinin bir parçası kimi görür. 21 yaşlı perspektivli güləşçi ilə uzunmüddətli müqavilə imzalanıb və o, Dünya Güləş Birliyinin (UWW) müvafiq qaydalarına uyğun olaraq gələcəkdə Azərbaycanın adından çıxış edəcək. Əmirrezanın milli komandamıza cəlb olunması təkcə ölkə daxilində deyil, dünya güləş ictimaiyyətinin də diqqət mərkəzindədir. Hətta son günlər sosial şəbəkələrdə onun Azərbaycanda alacağı məvaciblə bağlı müxtəlif mülahizələr səsləndirilir. Qeyd etmək istərdim ki, Əmirreza ilə imzalanan müqavilənin maliyyə şərtləri Azərbaycan milli komandasının əməkhaqqı siyasətinə tam uyğundur".

View this post on Instagram

A post shared by AM125 (@amirrezamasoumi125)