Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsi gerçəkləşib.

Offsideplus.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 2 idmançımız qatılıb.

Vüsal Əliyev (80 kq) debütant olmasına baxmayaraq, yarımfinaladək irəliləyib. Bu mərhələdə ukraynalı Vasil Mixaylova uduzan (0:2) həmvətənimiz bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi Rodrik Lavı cəmi 13 saniyəyə məğlub edib.

Çimərlik güləşində 3 qat dünya çempionumuz İbrahim Yusubov (90 kq) isə bütün rəqiblərini üstələyib. Onun ən çətin görüşü finalda Ukrayna yığmasının üzvü Oleksey Yakovçukə qarşı olub. Rəqibinə 3:2 hesabı qalib gələn Yusubov qızıl medala sahib çıxıb.

Dünya Seriyasının 3-cü mərhələsi sentyabrın 6-7-də Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

Onu da əlavə edək ki, Dünya Seriyası 5 mərhələdən ibarətdir. Yekunda bütün mərhələlər üzrə ən çox xal toplayan güləşçilər dünya çempionu titulunu qazanırlar.