Bakıda ilk dəfə keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsinə start verilib.

Offsideplus.az xəbər verir ki, "Sea Breeze"də təşkil olunan yarışın ilk günündə təsnifat və qrup mərhələsinin görüşləri keçirilib, həmçinin rəsmi açılış mərasimi baş tutub.

Kişilərin mübarizəsində 6 təmsilçimiz yarımfinala vəsiqə qazanıb. 80 kq-da Vüsal Əliyev Cavid Niftəlizadə ilə, Sahib Dadaşov isə Dieqo Maxaradze (Gürcüstan) ilə üz-üzə gələcək. 90 kq-da Ramiz Həsənov Evsem Şvelidze (Gürcüstan), Əşrəf Aşırov isə İuza Tsertsvadze (Gürcüstan) ilə finala yüksəlmək üçün mübarizə aparacaq. Heavyweight çəkidə Cavid Feyziyev (+90 kq) Tedore Ebanoidze (Gürcüstan) ilə qarşılaşacaq.

Qadınlarda isə Nərgiz Səmədova (60 kq) dairəvi sistem üzrə son matçını Noqona Bakayokoya (Kot-d’İvuar) qarşı keçirəcək.

Qeyd edək ki, yarış bu gün saat 16:00-da başlayacaq.