Qubada fəaliyyət göstərən “Şahdağ” güləş klubunun yunan-Roma güləşi üzrə məşq zalı əsaslı təmir olunaraq yenidən idmançıların ixtiyarına verilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən kluba müasir güləş xalçası hədiyyə olunub və bununla əlaqədar yenilənmiş zala baxış keçirilib.
Tədbirdə AGF-nin vitse-prezidentləri, olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, eləcə də Quba Rayon İcra Hakimiyyəti və Regional Gənclər və İdman İdarəsinin rəsmiləri iştirak ediblər.
Klubun məşqçisi Musa Mirzəyev qonaqları yaradılan şəraitlə tanış edib, idmançıların hazırlıq prosesi barədə məlumat verib.
Görüşdə Qubada yunan-Roma ilə yanaşı, sərbəst və qadın güləşi bölmələrinin də fəaliyyətə başlaması istiqamətində müzakirələr aparılıb. Müasir zalın bölgədə güləşin kütləviliyinə və yeni çempionların yetişdirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.


