Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda idman infrastrukturunu gücləndirmək fəaliyyəti çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalı istifadəyə verilib.

Offsideplus.az xəbər verir ki, Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maddi dəstəyi ilə inşa edilən idman ocağı AGF tərəfindən xalça və digər zəruri avadanlıqlarla təchiz olunub. Hazırda burada 120-yə yaxın yeniyetmə məşq edir.

İyulun 3-də keçirilən açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, həmçinin tanınmış güləşçi Hacı Əliyev iştirak ediblər. Qonaqlar yeni zalın regionda gələcək çempionların yetişməsinə mühüm töhfə verəcəyini vurğulayıblar. Tədbirdə Qazaxın 2026-cı il üçün Azərbaycanın "İdman Paytaxtı" elan edilməsinin rayonda idmanın inkişafına yeni təkan verdiyi bildirilib.

Açılış zamanı məşqçi Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib və dünya çempionu Hacı Əliyevin imza günü təşkil olunub.