Bolqarıstanın Samokov şəhərində start götürən U-17 Avropa çempionatında qadın güləşçilərimiz uğurlu çıxışlarını davam etdirirlər.
Offsideplus.az xəbər verir ki, millimizin üç üzvü bu gün fəxri kürsüyə qalxmaq şansı əldə edə bilər.
Nuray Cəfərli (46 kq) makedoniyalı Frosina Atanasovanı (tuş) və macarıstanlı Vivyen Sentpalı (7:3) məğlub edərək yarımfinala yüksəlsə də, bu mərhələdə polşalı Yuliya Palka ilə bacarmayıb (0:3). Təmsilçimiz bu gün bürünc medal uğrunda həlledici görüşə çıxacaq.
Fatimə Bayramova (53 kq) da bənzər yolla irəliləyib. Türkiyəli Ecrin Salik (tuş) və ukraynalı Kamilla Pihoru (6:3) yarışdan kənarlaşdıran güləşçimiz yarımfinalda Macarıstan idmançısı Mariya Jitovoza uduzub (0:10). O, bu gün bürünc medal üçün xalça üzərinə çıxacaq.
Simurə Abdullayeva (69 kq) isə bolqarıstanlı rəqibinə qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana uduzub. Rəqib finala yüksəldiyi üçün Simurə bu gün təsəlliverici görüşdə iştirak edərək üçüncülük şansını qorumağa çalışacaq.
Qeyd edək ki, qitə birinciliyi mayın 17-də başa çatacaq.


