Albaniyanın paytaxtı Tirana şəhəri sərbəst və yunan-Roma güləşi üzrə "Muhamet Malo" turnirinə ev sahibliyi edəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İlin ikinci reytinq xarakterli yarışı 25 fevral - 1 mart tarixlərində təşkil olunacaq. "Olimpik Park"da keçiriləcək mübarizəyə ilk olaraq sərbəst güləşçilər qoşulacaqlar. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərlik etdiyi heyətdə İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Turan Bayramov, Kənan Heybətov (hər ikisi 74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yer alıblar.

Turnirin sonrakı günlərində yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Baş məşqçi Məhəmməd Bəna, məşqçilər Rövşən Bayramov, Rəsul Cəzini və Sabah Şəriətinin tapşırığı ilə Tiranada ölkəmizi bu idmançılar təmsil edəcək: Hikmət Haqverdiyev, Rəşad Məmmədov (hər ikisi 55 kq), Nihat Məmmədli, Nihad Quluzadə (hər ikisi 60 kq), Sakit Quliyev, Ziya Babaşov, Murad Məmmədov (hamısı 63 kq), Məhəmməd Şükürzadə (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Tuncay Vəzirzadə (82 kq), İslam Abbasov, Laçın Vəliyev (hər ikisi 87 kq), Murad Əhmədiyev, Məhəmməd Əhmədiyev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki və Sərxan Məmmədov (hər ikisi 130 kq).

Qeyd edək ki, qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 13:30-da, medal görüşləri isə 21:00-da başlayacaq. Yarışın ədalət təmsilçiləri arasında I-S dərəcəli hakimimiz Asif Şirəliyev də olacaq.