Ötən həftə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunan reytinq turnirində qadın güləşçilərimiz mübarizə aparıb.
Offsideplus.az xəbər verir ki, yarışın əsas yadda qalan məqamlarından biri 18 yaşlı Zəhra Kərimzadənin çıxışı olub. Ötən ilin yeniyetmələr arasında dünya və Avropa mükafatçısı olan idmançımız, 72 kq çəki dərəcəsində bürünc medala sahib çıxaraq böyüklər kateqoriyasında ilk böyük uğuruna imza atıb.
Zəhra 1/4 finalda təcrübəli türkiyəli rəqibi, dünya və Avropa çempionu Buse Tosuna uduzsa da (0:2), təsəlliverici görüşdə əzmkarlıq nümayiş etdirib. O, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Asiya çempionu Mahiro Yoşitakeni 4:1 hesabı ilə üstələməyi bacarıb.
Gənc güləşçi qələbə hisslərini bu sözlərlə ifadə edib:
"Böyüklər səviyyəsində keçirilən bu nüfuzlu turnirdə fəxri kürsüyə qalxdığım üçün böyük qürur hissi keçirirəm. İlk rəqibim olimpiya mükafatçısı Buse Tosun idi. Həmin görüşdə uduzsam da, bu məni ruhdan salmadı, əksinə, daha da motivasiya etdi. Üçüncü yer uğrunda qarşılaşmada titullu Yaponiya təmsilçisi ilə güləşəcəyimi bilirdim. Məşqçilərim məni həm taktiki, həm də psixoloji olaraq bu döyüşə çox yüksək səviyyədə köklədilər. Məhz onların taktiki göstərişləri və mənə olan inamı sayəsində sona qədər mübarizə aparıb qalib gəldim. Mənim bu uğurumda payı olan baş məşqçimizə, şəxsi məşqçimə və federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hədəfim növbəti yarışlarda bu bürüncü qızıla çevirməkdir".



