Ulduz futbolçu Markus Reşford uşaq vaxtı yaşadığı həyat və ailəsi barədə emosional açıqlama verib.
Offsideplus.az xəbər verir, ingilis hücumçu bildirib ki, anası iki qardaşı, iki bacısı və onu təkbaşına böyüdüb:
“Anam iki qardaşımı, iki bacımı və məni təkbaşına böyütdü. Hamımız eyni evdə yaşayırdıq və bizim ailəmiz bu idi.”
Reşford uşaqlıq illərində maddi çətinlikləri hiss etmədiyini deyib:
“Uşaq olanda özümü kasıb hiss etmirdim, ya da çətin vəziyyətdə yaşadığımı düşünmürdüm. Xoşbəxt idim və bu mənə normal gəlirdi.”
Lakin futbolçu yaşa dolduqca anasının üzləşdiyi çətinlikləri daha yaxşı başa düşdüyünü qeyd edib:
“Yaşım artdıqca anamın əslində nələr yaşadığını anladım və bunun onun üçün nə qədər ağır olduğunu gördüm.”
Qeyd edək ki, Reşford Böyük Britaniyada aztəminatlı uşaqlara dəstək layihələri ilə də tanınır və sosial mövzularda aktivliyi ilə diqqət çəkir.



