Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Joze Mourinyo komandasının son uğurlarının lazımi qədər qiymətləndirilmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis xatırladıb ki, “Benfika” İtaliya çempionunu doğma meydanda 2:0 hesabı ilə məğlub etsə də, bu nəticəyə kifayət qədər diqqət ayrılmayıb. Mourinyo vurğulayıb ki, Moreyra de Koneqos səfərində qələbə qazanmaq hər zaman çətindir, lakin bu məqam da lazımi şəkildə ön plana çıxarılmayıb.

Komandasının formunun getdikcə yüksəldiyini deyən baş məşqçi bugünkü oyunda da səfərdə məğlub olmayan və doğma meydandan kənarda qol buraxmayan güclü rəqibin məğlub edildiyini qeyd edib.

Mourinyo əlavə edib ki, heyətlərində Mbappe, Vinisius və ya Lamin Yamal kimi ulduz futbolçular olmasa da, “Benfika” kollektiv oyun sayəsində nəticə qazanır və qələbələrə birlikdə imza atır.