Milli komandamızın üzvü Maksim Medvedev Moldova ilə 1:1 bərabərə qaldıqları yoldaşlıq oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Qurban Qurbanovun başçılığı altında millidə ilk oyununuzu keçirdiniz. Bu barədə nə deyə bilərsən?

- Burada yeganə yenilik Qurban müəllimin baş məşqçi olmasıdır. Futbolçular əvvəlkilərdir. Onlar Qurbanovu, baş məşqçi də oyunçuları tanıyır. 4 gün ərzində məşqlərdə nəyə hazırlaşmışdıqsa, çalışdıq, meydanda onu göstərək. Bəzi şeylər alınırdı. Tam olmasa da, 50 faiz öz oyunumuzu oynadıq. İnanıram ki, vaxt keçdikcə daha yaxşı olacaq.

- Rəqib haqda hansı fikirdəsən?

-  Xoşuma gəldilər. Çoxdandır, bu qədər qaçmamışdım. 90 dəqiqə ərzində dayanmadan mübarizə apardılar. Rahat oynamağa imkan vermirdilər. İkinci hissədə hücum xəttindəki futbolçuları dəyişdirdilər.Meydana yeni daxil olanla bizi yordu. Yenə də çalışdıq ki, sonadək vuruşaq.

- Səncə, 0:0 hesabı ədalətli nəticə oldu?

- Ümumi götürəndə, top daha çox bizdə oldu. Moldova bu gün əks-hücumlarda oynamağa çalışırdı. Yəqin ki, oyunumuzu analiz ediblər. Açıq futbol oynasaydılar, daha təhlükəli olacaqdıq.

- Əlində belə bir şans olsaydı, matçın oyunçusu kimi hansı komanda yoldaşını seçərdin?

- Deyə bilmərəm. Kiminsə adını çəksəm, digərləri inciyə bilər. Çünki hamı vuruşurdu. Hər kəsdə müyyən şeylər alınırdı, bəzi şeylər alınmırdı. Demək olmaz ki, kimsə fantastik oyun keçirdi. 10 ballıq sistemlə hamıya “7” verərdim.

- Futbolçular millinin düşərgəsinə klubların təlim-məşq toplanışından gəlmişdilər. Bu mənada yorğunluq var idimi?

- Normalda klubda toplanışda olanda yorğunluq olur. Amma milli elədir ki, futbolçular bura hər zaman qısa zamanda gəlirlər. Ona görə əlavə stimul alırlar. Əslində millinin toplanışı yerinə düşür. 20 gündür bir oteldə qalırıq. Bura gəlmişik, bizim üçün dəyişiklik olub. Bir çox futbolçu baş məşqçinin gözünə girmək üçün maksimum motivasiya ilə məşq edirdi. Məşqlər çox intensiv olub. Bəzi şeylər alınmasa da, sonadək vuruşduq.

- Bu gün yenə müdafiənin mərkəzində oynadın. Bu, alternativ variantdır, yoxsa qarşıda oyunlarda səni tez-tez bu mövqedə görəcəyik.

- Bunu baş məşqçidən soruşsanız, yaxşı olar. Mənim üçün fərqi yoxdur. Müdafiənin harasına qoysa, oynayacam. Çünki artıq 28 yaşım var. Təcrübə toplamışam. Hansı zonada necə oynamaq lazım olduğunu bilirəm. Gələcəkdə yenə bu mövqedə oynaya bilərəm. Hər şey baş məşqçinin qərarından asılı olacaq.

- Bəzi futbolçular millinin düşərgəsinə digər klublardan gəliblər. Onlar Qurban Qurbvanovun sisteminə uyğunlaşa bilirlərmi?

- Bura gələn bütün futbolçular “Qarabağ”ın oyununu başa düşürlər. Qurban Qrbanov futbolçulardan fantastik bir şey istəmir. Çalışır ki, futbolçulara sadə oynamalı olduqlarını başa salsın. Hər epizodda bacarıqlarını göstərib vuruşsunlar. Nəsə çatışmayanda, baş məşqçi onlara ömək edir. Qarşıda yenə toplanışlar olacaq. Futbolçular Qurbanovun fəlsəfəsini qavrayacaqlar.

- Bu gün sənin mövqeyində çıxış edən Abbas Hüseynovun oyununu bəyəndinmi?

- Səhv eləmirəmsə, millidə birinci oyunudur. Bir az həyəcan var idi. Oyundan qabaq söhbət etmişdim. Demişdim ki, özünü çox sıxma, sadə oyna. Həqiqətən çox istedadlı futbolçudur. Oyun üslubu xoşuma gəlir. Mübarizə aparmağı sevən futbolçudur. Gələcəkdə milli səviyyəsində bir neçə oyun keçirsə, daha da yaxşı olacaq. Ona inanıram, çünki istedadı var.

- Yəni öz formanı əminliklə ona əmanət edə bilərsən...

- Biz başqa formalarla oynayırıq (gülür). Sevinərəm ki, milliyə gələn gənclər bizdən də yaxşı oynasınlar, bizdən də güclü olmağa çalışsınlar. Gec-tez kimlərsə gəlib bizim yerimizdə oynayacaq. İstərdik ki, komandada rəqabət olsun.