“Təəssüf ki, milli komandanın gələcək oyunları haqqında nikbin danışmaq çox çətindir”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Mütəxəssis yığmamızın dünya çempionatının seçmə mərhələsində İslandiya və Ukrayna yığmaları ilə keçiriləcək oyunları haqqında fikirlərini bölüşüb:
“Nikbin danışmaq üçün əlimizdə fürsətlər yoxdur. Gördüyümüz mənzərə yaxşı nəsə vəd etmir. Çox istərdim ki, mən yanılım. Legioner limitinin ləğvindən sonra futbolçularımızın komandalarda oyun praktikasının az olması böyük problemlər yaradacaq. Əlbəttə ki, rəqiblərin gücünə bələdik, ancaq hazırda özümüzdən danışmalıyıq. Bu gün bizdə oyun praktikası az olan futbolçuların olması ciddi narahatlıq yaradır. Mənə elə gəlir ki, bu iki oyundan sonra milli haqqında konkret nəsə deyə bilərik. Ancaq indidən görünən odur ki, oyun təcrübəsi az olan futbolçuların belə güclü rəqiblərə qarşı oynaması çətin olacaq. Komandamızda potensiallı futbolçular var. Ancaq Santuşdan da çox şey asılıdır. Maraqlıdır, o hansı taktika ilə çıxış edəcək”.
Diniyev rəqiblərin güclü olduğunu da vurğulayıb:
“Həm Ukrayna, həm də İslandiya yığmasının futbolçularının bir çoxu xarici komandalarda oynayır. Bu baxımdan, hər iki komanda səviyyəlidir. Xüsusilə də İslandiya son vaxtlar inkişafdadır. Ukrayna evdə oynamasa da, futbolçuların yüksək səviyyəyə malik olması böyük problemlər yaradacaq. Bu iki komandanın oyun sxemində oxşarlıqlar çoxdur. Onlar tam atletik gücə söykənmiş futbol oynayırlar. Əsasən uzun ötürmələr, təzyiq, sürət üzərindən oyunu aparırlar. Bir sözlə, rəqiblər topsuz oyuna daha çox üstünlük verdiklərinə görə atletik və fiziki durum komandamız üçün olduqca vacibdir. Yığmamıza hər iki oyunda uğurlar arzulayıram”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiya, 9-da isə evdə Ukrayna ilə qarşılaşacaq



