Futbol üzrə Azərbaycanın II Liqasında çıxış edən “Quba” baş məşqçisi ilə yollarını ayırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Həsənovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
A kateqoriyalı mütəxəssis bu ilin fevralında komandanın başına keçmişdi.
Eyni zamanda "Quba" rəhbərliyi "Qafqaz Ultras" fan klubu ilə əməkdaşlığa son qoyub.
Bununla bağlı yayımlanan bəyanatda deyilir: “Qafqaz Ultras" fan klubu ilə artıq rəsmi münasibətimiz yoxdur. Bu, bir ayrılıq deyil, bu tənzimləmədir.
Hər dəyişikliyi “xəyanət”, hər tənqidi “bizi satdılar” kimi qəbul edənlərlə yol yoldaşı ola bilmərik. Klub hisslərlə deyil, ağıl və planla idarə olunur. Azarkeş olmaq - bəzi qərarları sosial şəbəkədə təhqir, ultimatum və manipulyasiya ilə dəyişməyə çalışmaq deyil.
Bizim üçün azarkeş – komandanın yanında olan, çətin gündə susmayan, lakin klubun içinə müdaxilə etməyən insandır. "Quba" klubu heç kimə təslim olmayacaq. Heç bir fanat qrupunun şantajı ilə idarə olunmayacaq".
Xatırladaq ki, sözügedən komanda ötən mövsüm "Hypers Guba" adı altında II Liqada 4-cü yeri tutub və I Liqaya vəsiqə uğrunda pley-offda "Difai"yə uduzub (1:3).
Mövsümlərarası fasilədə klub adını dəyişərək "Quba"ya çevrilib, 7 futbolçusunu yola salıb.



