"Sabah" Futbol Akademiyası daha bir mövsümü uğurla başa vurmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, akademiyanın iki komandası - Əvəzedicilər Liqasında çıxış edən "Sabah-2" və AFFA Gənclər Liqasında mübarizə aparan U-19 qızıl medalların bir addımlığındadır.
"Sabah"ın U-19 komandası Gənclər Liqasında ötən həftə keçirilən turda səfərdə "Sumqayıt"ı 5:3 hesabı ilə üstələyib. Bütün qollara Stefen Ende imza atıb. Hazırda 83 xala malik "bayquşlar" vaxtından qabaq çempionluğu qeyd etməyə yaxındırlar.
"Sabah-2" isə əvəzedicilərin yarışında "Şamaxı-2"ni doğma meydanda məğlub edib - 4:2. Matçın 2-ci dəqiqəsində qapıçı Rəvan Mirzəmmədov qırmızı vərəqə alsa da, bakılılar oyundan 3 xalla ayrılıblar. Komandanın heyətində Nihad Cabbarov, Şakir Seyidov və Ramil Nurəhmədov (2) fərqləniblər.
"Sabah-2" 34 turdan sonra 67 xalla birinci pilləyə yüksəlib. Eyni miqdarda xal toplayan "Neftçi-2" qələbələrin sayına görə "Sabah-2"dən geri qalır.



