AFFA İntizam Komitəsi “Region Liqası”nın son turunda baş vermiş xoşagəlməz hallarla bağlı qərarlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, “Baku” (Bakı) – “Şahdağ” (Qusar) matçında qonaq komandanın baş məşqçisi Kamran Əlibabayev təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun texniki zonadan uzaqlaşdırılıb. Görüşün 35-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Vüqar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. 38-ci dəqiqədə isə qusarlıların digər oyunçusu Vüqar Əlibabayev azarkeşlərə qarşı təhqiredici hərəkət etməsi səbəbindən 3 matçlıq cəza ilə üzləşib. Qarşılaşmanın 45+2-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Firudin Ağalarovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

“Baku” isə azarkeşlərinin meydana və rəqib komandanın futbolçularına yad əşya atdıqlarına görə qarşıdakı 3 oyunu azarkeşsiz keçirəcək. Bundan başqa kluba analoji hadisənin yenidən baş verəcəyi təqdirdə daha ağır cəzalanacağına dair xəbərdarlıq edilib. 

“Kürmük” – “Şəki” matçı başa çatdıqdan sonra isə meydan sahiblərinin futbolçusu Surxay Mikayılovlə Ramin Hacıyev və qonaq komandanın oyunçuları Süleyman Məmmədovla Nəriman İmayətov təhqiredici ifadələr, aqressiv davranış və kütləvi dava-dalaşda iştirak ediblər. Bununla əlaqədar onların hər biri 9 oyunluq cəzalanıb.

“Kürmük” növbəti 3 ev oyunu neytral meydançada və azarkeşsiz keçiriləcək. Həmçinin, bu komandaların cavab matçı azarkeşsiz oynanılacaq.

Analoji hal yenidən baş verəcəyi təqdirdə, “Kürmük” yarışdan kənarlaşdırılacaq.