"Uzun müddətdən sonra ilk dəfə start heyətdə yer almağım mənim üçün böyük əhəmiyyət daşıyırdı. Komanda yoldaşlarıma kömək etmək xoşuma gəldi".

Offsideplus.az xəbər verir ki, bu sözləri Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"in şərəfini qoruyan azərbaycanlı futbolçu Mahir Emreli məşhur BILD nəşrinə müsahibəsində deyib.

O, aprelin 12-də "Kayzerslautern"lə səfər matçını (2:1) əvəzlənmədən keçirib və 68-ci dəqiqədə komandasının 2-ci qoluna imza atıb.

"Biz ağır oyun olacağını bilirdik. Digər futbolçular deyirdilər ki, Kayzerslautern şəhərində yerli azarkeşlər görüşün taleyini həll edə bilərlər. Lakin biz mənəvi və taktiki cəhətdən yaxşı hazırlaşmışdıq", - deyə həmvətənimiz söyləyib.

27 yaşlı hücumçu qələbənin böyük əhəmiyyət daşıdığını vurğulayıb: "Ümidvaram ki, bu qələbə bizə gələcək turlarda daha böyük inam verəcək. Əgər mənəvi cəhətdən hazır olsaq, çempionatda qalib gələ bilməyəcəyimiz komanda yoxdur".

Qeyd edək ki, "Nürnberq" hazırda 44 xalla 7-ci pillədədir. Qaydalara görə, 2-ci Bundesliqanda ilk iki yeri tutan komandalar birbaşa Bundesliqaya vəsiqə qazanırlar. 2-ci Bundesliqada 3-cü yerin sahibi isə Bundesliqada 16-cı pilləni tutmuş komanda ilə pley-offda qarşılaşacaq.