Azərbaycan hüdudlarından kənarda çıxış edən futbolçularımız bu həftə fiaskoya uğrayıblar.
Offsideplus.az xəbər verir ki, legioner həyatı yaşayan həmvətənlərimizin əksəriyyəti məğlubiyyət acısı dadıblar.
Milli komandamızın martda Haiti və Belarusla yoldaşlıq görüşlərinə dəvət alan oyunçulardan cəmi biri - Coşqun Diniyev uduzmayıb. Qalan futbolçuların hamısı həftəni məyus başa vurublar.
Hətta ötən ilin payızında yığmaya çağırılan, Cənubi Koreyanın "Daejeon Hana" klubunun şərəfini qoruyan Anton Krivotsyuk da məğlubiyyətlə üzləşib. Qəribədir ki, o, zirvədə qərarlaşan komandasının əsas heyət üzvü olsa da, son turda ehtiyat oyunçular skamyasında qalıb.
Təkcə ötən il Azərbaycan milli komandasında 5 matçda forma geyinmiş Emil Mustafayev bu həftə qələbəyə sevinib. Ancaq 23 yaşlı yarımmüdafiəçiyə Ukrayna çempionatında LNZ-yə qarşı görüşdə şans verilməyib.
Yığmaya namizəd Vüsal İsgəndərli də Türkiyədə günlərini ya ehtiyat oyunçular skamyasında keçirir, ya da bir neçə dəqiqə oynamaqla kifayətlənir.
"Qara həftə" yaşadığımız günlərdə Almaniyadan xoş soraqlar alırıq. Vaxtilə milli komandamızda çıxış etmiş Rüfət Dadaşov (Renat Dadaşovun böyük qardaşı) Region Liqasında mübarizə aparan Berlin "Dinamo"sunda "ikinci cavanlığ"ını yaşayır. Son zamanlar qolları sıralayan 34 yaşlı hücumçu cari mövsüm 11 dəfə rəqib qapılarına yol tapıb.
Lakin təəssüf ki, bir azərbaycanlı futbolçunun həvəskarlar arasında vurduğu çoxlu qollar digər legionerlərimizin zəif çıxışını ört-basdır etmir. Bu, həm azarkeşləri, həm də yığmanın məşqçi korpusunu qayğılandıran məsələdir. Yeganə çıxış yolumuz isə hər şeyin yaxşıya doğru dəyişəcəyinə ümid etməyə qalır...
Azərbaycanlı legionerlər bu həftə:
Mahir Emreli, "Nürnberq", Almaniya - 0:3, 33 dəqiqə, sarı vərəqə
Renat Dadaşov, "Radomyak", Polşa - 0:1, 82 dəqiqə
Rahil Məmmədov, "Radomyak", Polşa - 0:1, adı protokola düşməyib
Coşqun Diniyev, "Çorum", Türkiyə - 3:3, matçı ehtiyat oyunçular skamyasında keçirib
Ozan Can Kökçü, HIK, "Finlandiya" - 2:3, 5 dəqiqə
Zamiq Əliyev, "Eqnatiya", Albaniya - 0:1, 90 dəqiqə
Emil Mustafayev, "Çernomorets", Ukrayna - 1:0, matçı ehtiyat oyunçular skamyasında keçirib
Anton Krivotsyuk, "Daejeon Hana", Cənubi Koreya - 0:2, matçı ehtiyat oyunçular skamyasında keçirib
Vüsal İsgəndərli, "Boluspor", Türkiyə - 2:3, matçı ehtiyat oyunçular skamyasında keçirib