Keşlə-nin qapıçısı Kamran Ağayev Azərbaycan Premyer Liqasında 8-ci turunda Zirə-ni öz meydanında 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, o, ilk olaraq qələbəni şərh edib:

- Ümumiyyətlə, asan heç nə olmur. İlk hissədə bizim də qol epizodlarımız oldu, ancaq yararlana bilmədik. Qolu vurduqdan sonra da əks-hücumlarda bir neçə dəfə yaxşı imkanlarımız oldu. Onlardan da istifadə edə bilərdik. Çalışmaq lazımdır. Turnir cədvəlinin sonuncu pilləsində olduğumuz üçün komandanın üzərində təzyiq var idi. Son bir neçə oyundur ki, məğlub olurduq. Bu qələbə bizə lazım idi. Çətin də olsa, 3 xal qazandıq.

- Milli komandaların oyunlarına görə çempionatda yaranan fasilə “Keşlə”yə kömək oldu?

- Baş məşqçimiz Avrokubok oyunlarından sonra gəldi. Düşünürəm ki, çalışmaq lazımdır. Çalışsaq, nəticə əldə edəcəyik.

- Millimizin Farer adaları və Malta ilə keçirdiyi oyunlardan sonra tənqid olunan futbolçulardan biri də siz idiniz.Bu barədə nə düşünürsünüz?

- Futboldan başınız çıxır da, sizin? Qol buraxdığımız epizodu xatırlayırsınız? Çıxışda səhv etməmişdim, sadəcə, Rüfət Dadaşov əlini mənə söykədi deyə top başımın üstündən getdi, tuta bilmədim. Qol buraxandan sonra da qışqırdım, elə bildim ki, rəqib hücumçunun əlidir. Daha sonra bildim ki, bizim futbolçudur. İkinci epizodda da topu tutdum, daha sonra ayağım sürüşdü. Azarkeşlər çox şey yaza bilər. Onlar əks komandanın oyunçusunu əsas heyətdə görmək istəmirlər deyə elə yazırlar. Bu gün “Zirə”nin azarkeşi yazacaq ki, Anar Nəzirov qapıda dursun. Mən demirəm yaxşı oynadım, əlbəttə, zəif oynadım. Amma 4 oyunda 2 qol buraxmışıq, birini də penaltidən vurublar. Heç kimə ixtiyar vermirəm, məni ələ salsın. Çox tənqidlər olub. Bu gün tənqid edən, sabah öpüb-qucaqlayır. Belə şeylərə alışmışıq.

- Bu gün özünüzü yaxşı tərəfdən göstərdiniz. Bugünkü oyununuzla tənqid edənlərə cavab verdiyinizi düşünürsünüz?

- Niyə belə olur, bilirsiniz? Əslində, millinin oyunlarında qapıda pis dayanmamışdım. Çünki xalqın gözündə o qədər oyunlar oynamışam ki, hamı məndən ən yaxşısını gözləyir. Normal oyun oynayanda da tənqidə başlayırlar. Səhvsiz insan yoxdur. Bu oyun deyil ki, kimsə kənardan məni idarə etsin. Səhv ola bilər.

-Sizcə “Keşlə” layiqli qələbə qazandı?

- Asan qələbə olmur. Elə vaxt olur ki, güclü komandalar gözlənilmədən məğlub olur. Ötən turda “Real” da məğlub olmuşdu. Yəni, qol vurursan, müdafiə olunursan. Bu, o demək deyil ki, qələbəyə layiq deyilik. Oyun zamanı hesab bərabərləşsəydi, başqa cür oynayacağdıq.