"Azərbaycan futbolunun dostları: Ronaldinyo, Özil, Messi. Hətta bu dostların dostları: Buskets , Suarez, Alba da gəldi. Amma futbol yenə gəlmədi".

Offsideplus.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Emin Əfəndi öz şəxsi teleqram kanalında paylaşıb. Həmkarımız öz ölkə futbolunda baş verən prosesləri izləyicilərinin diqqətinə çatdırıb:

"Nə qədər ulduz gəlsə də, Azərbaycan futbolu öz köhnə dostlarına – intriqalara, nəticəsiz oyunlara və boş stadionlara sadiq qalıb. Təəssüf ki, bu dostluğu pozmaq heç bir ulduzun gücündə deyil.

Elə bil futbol özü bizdən küsmüş kimidir. Deyəsən, o da bilir ki, burada onu sevmirlər, sadəcə, adını eşidib şəkil çəkdirmək istəyirlər. Bəlkə də futbol bizə gəlmək istəyir, amma yenə də həmin o intriqalar, nəticəsizlik və boş tribunalar arasında yolu tapa bilmir.

Amma yenə də biz dünya futboluna öz töhfəmizi veririk. Azərbaycan futbolu zəif olan ölkələr üçün ilham mənbəyidir. Onlar bizə baxıb təsəlli tapır: “Nə yaxşı ki, siz varsınız.”