Azərbaycan Premyer Liqasının VII turunun oyunları ilə bağlı dəyişiklik edilib.

Offsideplus.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu dəyişiklik AFFA, “Qarabağ” və “Keşlə” klublarının rəsmi müraciəti əsasında həyata keçirilib. 

Millətlər Liqasında oktyabrın 11-də Farer adaları ilə səfərdə, oktyabrın 14-də Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası oktyabrın 6-da təlim-məşq toplanışına start verəcək. Bütün bunları nəzərə alan AFFA PFL-dən VII turun təqvimində dəyişiklik edilməsini xahiş edib.

Milli komandanın beynəlxalq oyunlarını və “Qarabağ”ın Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı iki dəyişikliyə razılıq verib. Yeni qərara əsasən, VII turun oktyabrın 6-da keçirilməli olan “Zirə” – “Qəbələ” matçı oktyabrın 5-nə keçirilib. Oktyabrın 6-da keçirilməli olan “Keşlə” - “Qarabağ” matçı oktyabrın 31-nə təyin olunub.