Yeni mövsümə hazırlıqlarını Ərzurumda davam etdirən "Araz-Naxçıvan"ın yeni transferi Bernardo Oliveyra klubun mətbuat xidmətinə açıqlamasında toplanışı dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı futbolçu yoxlama oyunları haqda bunları deyib:

“Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.

Yarımmüdafiəçi keçidi haqda isə bunları deyib:

“Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dəyərləndirək, dedim. Artıq 1 həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kolektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnini maksimum edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq”. 

Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşları kömək etdiyini bildirib:

“Əlbəttə, hə dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.

Qeyd edək ki, Benny indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.