Taksilərlə bağlı qərardan sonra ili köhnə olan avtomobillərin qiyməti enib. Maşın bazarında canlanma yaranıb.
Vətəndaşlar daha çox Bakının küçələrində şütüyən "Prius" markasının axtarışındadırlar. Əslində yaxşı maşındır. Həm elektrik, həm də benzinlə işləyir. Havanı çox çirkləndirmir. Lakin taksilərdə o qədər istifadə olunub ki, yaxşısını tapmaq o qədər də asan deyil. Alsan da, cəmi 10-15 gündən sonra evakuator xidmətinə müraciət etmək məcburiyyətində qalırsan. Maşını mənzil başına dartıb aparmağın bundan başqa yolu yoxdur.
Premyer Liqamızda çempion bəlli olsa da, avrokuboklar uğrunda gərgin mübarizə gedir. "Neftçi", "Zirə", "Sabah", "Sumqayıt", "Turan Tovuz", Səbail", hətta sonuncu pillədə qərarlaşan "Qəbələ"nin gələn mövsüm Avropa turnirlərində çıxış etmək şansı var. "Qırmızı qaralar" Azərbaycan Kubokunun yarımfinalında mübarizə aparır. İlk oyunda səfərdə "Zirə"yə 1:2 məğlub olsa da, cavab görüşündə hər şey baş verə bilər.
Bir sözlə, avrokuboklar uğrunda gərgin mübarizə gedir. Bu situasiya mediada, ictimaiyyətdə çirkin söz-söhbətlərin yaranmasına səbəb olub. Guya ki, Premyer Liqa maçtlarını idarə edən hakimlər bəzi klubları irəli “dartırlar”.
Gəlin əvvəlcədən etiraf edək ki, cari "futbol ili"ndə hakimlərimizin idarəçiliyi həqiqətən bərbaddır. Bu problem Hakimlər Komitəsindən qaynaqlanır. Barış Şimşək bu qurumu yaxşı idarə edə bilmir. Bunu ötən yazılarımda da qeyd etmişdim. Lakin hakimlərin səriştəsizliyi hansısa komandanı irəli” dartılması” anlamına gəlmir. Premyer Liqada tur ərzində 3-4 oyunda stadionda oluram. Yenə deyirəm, ciddi hakim səhvləri olur. Amma bu, o demək deyil ki, referilər hansısa komandaya kömək edirlər.
Bəs, belə söhbətlər niyə var? Səbəbi sadədir. Yuxarıda adını sadaladığım komandaların hamısı avrokuboklara vəsiqə qazanmaq istəyir. Bəzi kollektivlərin nümayəndələri rəqiblərinə bu yolla təzyiq göstərmək istəyirlər. Amma belə olmaz. Bu, doğru mübarizə yolu deyil.
Sabah Premyer Liqada çox vacib oyun var. “Turan Tovuz” – “Sumqayıt”ı qəbul edəcək. İndidən səs-küy asimənə bülənt olub. Guya ki, hakimlər “kimyaçılar”a kömək olacaq. Mövsümün əvvəlində də “Səbail” haqda belə iddialar səsləndirilirdi. Çox gülməli söhbətdir.
Kimsə "hakimlər "Sumqayıt"ı və ya "Səbail"i "dartır" deyəndə və ya yazanda "Prius" söhbəti yadıma düşür. Elə bil ki, bu komandalar "çapılmış" maşınlardır, referilər də evakuator xidməti. Klub rəhbərləri köməyə ehtiyac duyanda zəng edirlər ki, yetişin. Bu, mümkündür?
Əslində "Səbail"in avrokuboklar potensialı olduğuna inanmıram. Komanda stabil oyun sərgiləmir. Klub borclu olduğu sabiq futbolçusu Tural Bayramlıya nəhayət ki ödəniş etdi. İdarəetməsində problem olan komanda avrokuboklara getməsə, daha yaxşıdır.
Amma "Sumqayıt"ın az da olsa, potensialı var. Düzdür, heyətdə çatışmazlıq var. Samir Abasov hər dəfə mətbuat konfransında bunu etiraf edir. Amma bunlara rəğmən, komandası büdcəsi daha çox olan rəqiblərlə dirəşir. Kollektiv avrokuboklar zonasında yer alıb. Ən azından çempionata maraq qatırlar.
Yox e, Hakimlər hakimlər ancaq “Sumqayıt” və “Səbail”in xeyrinə qərarlar qəbul ediblər? Yox! Məsələn, ötən tur “Sabah”- “Qarabağ” matçında verilmiş qərar çempionu məğlubiyyətinə səbəb oldu. Belfodillə toqquşma zamanı Bədavinin dodağı partladı. Amma hakim oyunu davam etdirdi və nəticədə “Sabah” üçüncü qolu vurdu. “Neftçi” – “Qarabağ” matçının ilk dəqiqələrində Yankoviç Eminə qarşı olduqca kobud oynadı. Amma referi qırmızı yerinə, yarımmüdafiəçiyə sarı vərəqə göstərdi. İndi hakimlər “Qarabağ”ın çempion olmasına çalışırdı?
Vallah, belə iddialar qıraqdan iyrənc görsənir. “Turan Tovuz” da, “Sumqayıt” da, “Səbail” də bizimdir. Onların adlarının belə mənasız söhbətlərdə hallanması biabırçılıqdan başqa bir şey deyil. Bu söhbətin media tərəfindən yayılması daha dəhşətdir. Jurnalist, media nümayəndəsi bir iddia səsləndirirsə, əlində isbat olmalıdır. Yoxdursa, indiki məqamda biabırçı səhvlər edən hakimlərdən heç bir fərqi yoxdur...
İLKİN SULTANLI