Albaniya milli komandasının baş məşqçisi Kristian Panuççi ölkənin sabiq prezidenti Buyar Nişanini məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Nişanini onun nüfuzuna zərər verməkdə günahlandırır. Ölkənin keçmiş başçısı yoldaşlıq oyununda Kosovoya 0:3 hesablı məğlubiyyətdən sonra baş məşqçini "iblis" adlandırıb. Nişani hesab edib ki, Panuççi yığmada ondan əvvəl yaradılanları məhv edir.
Albaniya yığmasının baş məşqçisi sabiq prezidentin ona 100 min avro ödəməsini tələb edib. Məhkəmə bu işlə bağlı 30 gün ərzində qərar verəcək.
Kristian Panuççi 2017-ci ilin iyulundan Albaniya yığmasına rəhbərlik edir. Bu ölkənin heyətində "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli və "Qəbələ"nin yarımmüdafiəçisi Sabien Lilay da forma geyinir.