"Araz-Naxçıvan" klubu Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İki fərqli hissə düşünmüşdük. Birincisi müdafiədən əks-hücumlara keçid idi. İkinci yarıda daha çox hücumda olmaq istəyirdik. Künc zərbəsindən bir anlıq anlaşılmazlıqdan qol buraxdıq. Uşaqlara əhsən düşür. İki oyunda uduzduqdan sonra toparlandılar və yaxşı, belə "Neftçi"yə qarşı mübarizə apardılar. Mənim üçün 1:1 hesabı qələbəyə bərabər idi.
- "Araz-Naxçıvan" zəif komandalarla oyunlarda daha çox xal itirir, güclülərlə isə əksinə...
- "Sumqayıt"la oyunu analiz etdik və gördük ki, boşluqlarımız var idi. Bu da çox güman ki, "Qarabağ"a qarşı mübarizədən irəli gəlmişdi. "Kəpəz"lə oyunda ilk 15-20 dəqiqədə 2-3 qol epizodumuz oldu. Onlardan yararlana bilmədik. "Kəpəz"lə matçda da uşaqlardan razı idim. Elə komandayıq ki, hardasa boşluqlarımız olacaq. Çünki yeni yığılmış komandayıq. Bunların da öhdəsindən gəlməliyik. Şanslarımızdan maksimum istifadə etməliyik ki, arxada daha rahat oynayaq. Hər şey səhvlərin üzərində qurulub.
- Rəhbərliklə bağlı problemlər var? Sizin də narazılığınız var...
- Problemlərdən danışan adam deyiləm, özüm həll edəcəm. Problemlər hər yerdə var. Maddi, texniki tərəfdən problemləri arxada qoymaq lazımdır. Bir yerdə işləyirsənsə, kənarda problemlərdən danışmaq peşəkarlığa sığmaz. Maddi məsələlərdə hər şey qaydasındadır.
- Milli komandamız haqda fikriniz necədir? Azərbaycan yığmasına kimin gəlməsini istəyərdiz? Sizə təklif olsa, işləyərsiz?
- Bu barədə danışmaq istəməzdim. Rəhbərlik var. Hər bir azərbaycanlıya belə post verilərsə, onu canla-başla qəbul etməlidir və bacardıqca inkişaf etdirməlidir. Yerdə qalan şeylər bizim çərçivəmiz deyil. Hər şey burda həll olunmur.