"Qarabağ"ın hücumameyilli yarımmüdafiəçisi Leandro Andrade Avropa klublarının "radar"ına düşüb.
Bu barədə məlumatı Offsideplus.az-a 24 yaşlı futbolçunun meneceri Eduardo Oliveyra verib. O, kabo-verdelinin Avropanın bir neçə klubundan təklif aldığını bildirib. Onun sözlərinə görə, "Qarabağ" rəhbərliyi təklif olunan məbləğlə razılaşmadığından, Andradeni buraxmayıb:
"Leandro bir neçə təklif alıb. "Qarabağ" bunu bilir. İki Avropa klubundan rəsmi təklif gəldi, lakin "Qarabağ" onu satmağa razı olmadı. Təklif olunan məbləğ Ağdam klubunu qane etmədiyi üçün bu baş tutmadı. Əlbəttə ki, Leandro "Qarabağ"da xoşbəxtdir, lakin ona gələn təkliflər də çox böyük idi".
Eduardo həmin klubların adlarını çəkməsə də, onların yenidən Andrade üçün dövrədə olduğunu bildirib.
Bildirək ki, futbolçunun "köhlən atlar"la müqaviləsi 2025-ci ilin 30 iyununadək qüvvədədir.
Əlavə edək ki, cari mövsüm "Qarabağ"ın heyətində 13 oyun keçirən Andrade 4 qol vurub, 7 məhsuldar ötürmə edib.
Daşqın Əziz